Talibanın hakimiyyəti altında olan Əfqanıstan ilk “superkar”ını təqdim edib.
Hafta.az-ın "SupercarBlondie"yə istinadən yazdığına görə, “Mada-9” adlı prototip avtomobil Əfqanıstan Texniki və Peşə Təhsili İdarəsi, İnnovasiya Mərkəzi və ENTOP şirkətinin birgə layihəsi çərçivəsində hazırlanıb.
ENTOP-un baş direktoru Məhəmməd Rza Əhmədi bildirib ki, İnformatika Nazirliyinin dəstəklədiyi layihəni ərsəyə gətirmək təxminən 5 il çəkib.
Avtomobili "Toyota Corolla" mühərriki ilə dizayn edən Əhmədi "Onun səyahəti Əfqanıstanda başlayacaq və bəlkə bir gün beynəlxalq arenada davam edəcək" deyib.
Qurum rəsmisi avtomobilin bu il Qətərdə keçiriləcək avtomobil sərgisinə daxil olması üçün danışıqların aparıldığını və onu gələcəkdə elektrik enerjisi ilə idarə etməyi planlaşdırdıqlarını bildirib.
Talibanın sözçüsü Zəbihullah Mücahid bildirib ki, avtomobilin istehsalı Əfqanıstan üçün şərəfli hadisədir.
Qeyd edək ki, Taliban hakimiyyətə gəlməzdən əvvəl "Amin Noor" adlı şirkət 2020-ci ildə elektrikli pikaplar istehsal edirdi. 11 fərqli modeli təqdim edən pikapların qiymətinin 1200-2500 dollar arasında olduğu bildirilib. Şirkətin meneceri Əhməd Ziya Əhmədyar bildirib ki, 3 illik fəaliyyətdən sonra hissələrin 80 faizi Əfqanıstanda istehsal olunub.
Digər tərəfdən mühərrik, təkər və şüşələrin xaricdən gətirildiyi, lakin onların da 10 il ərzində ölkədə istehsalının hədəfləndiyi bildirilıb.